Monoqrafiya və kitablar
Əlizadə Ak.A. Seçilmiş əsərlər.
(Akademik İ.Quliyevin ümumi redaktorluğu ilə. Tərtibçilər: texnika elmləri doktoru V.İbrahimov, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Y.Lətifova). 2 cilddə.I cild. Bakı, Elm, 2023, 360 səh. ISBN 978-9952-556-51-3 (dəst); ISBN 978-9952-556-52-0 (I cild)
Kitabın I cildində görkəmli alim-geoloq və elm təşkilatçısı akademik Akif Əlizadənin paleontologiya və stratiqrafiya sahəsində seçilmiş elmi əsərləri toplanıb. Təqdim olunan materiallar 1960-2017–ci illəri əhatə edir və müxtəlif elmi jurnallarda, toplularda dərc edilmişdir. Alimin çoxillik tədqiqatlları əsasında Azərbaycanın təbaşir mollyusk faunasının (belemnitlər) kompleksləri haqqında başlıca elmi müddəalar irəli sürülmüş, həmin qədim canlıların təsnifatı və filogeniyası verilmiş, morfofunksional təhlil aparılmış, paleobiocoğrafi rayonlaşdırma prinsipləri işlənib hazırlanmış, paleoekologiya və paleopatologiyaya dair məsələlər işıqlandırılmışdır.
Əlizadə Ak.A. Seçilmiş əsərlər.
(Akademik İ.Quliyevin ümumi redaktorluğu ilə. Tərtibçilər: texnika elmləri doktoru V.İbrahimov, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Y.Lətifova). 2cilddə.II cild. Bakı, Elm, 2023, 328 səh. ISBN 978-9952-556-51-3 (dəst); ISBN 978-9952-556-53-7 (II cild)
Kitabın I cildində görkəmli alim-geoloq və elm təşkilatçısı akademik Akif Əlizadənin paleontologiya və stratiqrafiya sahəsində müxtəlif yerli və xarici elmi jurnallarda dərc olunmuş seçilmiş elmi əsərləri toplanıb.
Oxucuya təqdim olunan kitabın II cildində alimin Yer elmləri istiqamətində bəzi əlaqəli elmi problemlərə dair mülahizələri də öz əksini tapıb.
Geofiziki ekologiya (dərs vəsaiti)
(V.M. Seyidov, Ç.S. Əliyev) Dərs vəsaiti, Bakı, ADNSU- nun nəşri.2023-cü il, 158 səh., 14 şəkil, 5 cədvəl, 13 adda ədəbiyyat
Dərs vəsaiti geofizikanın istiqamətlərindən biri olan “Ekoloji geofizika” fənninə həsr edilmişdir. Dərs vəsaitindən geofizika istiqamətində təhsil alan bakalavr, magistr və istehsalatda çalışan mütəxəssislər istifadə edə bilərlər.
Oxucuların nəzərinə çatdırdığımız bu kitab M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Geologiya fakültəsinin «Dinamiki geologiya» kafedrasının müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Nikolay Koronovskinin “Наша планета Земля” əsərinin Azərbaycan dilinə tərcüməsidir.
Həvəskar oxucu bu kitabda : Yerin Günəş sisteminda mövqeyi necədir? Yerin neçə yaşı vardır və hansı inkişaf yolunu keçmişdir? Daxili quruluşu nədən ibarətdir? Faydalı qazıntılar necə törəyir və hansı müddətə kifayat edəcək? və bu kimi digər maraq doguran çoxsaylı suallara cavab tapa biləcəkdir.
Kitabda ilk olaraq bütövlükdə Kainatın və onun bir hissəsi olan Yer kürəsinin də daxil olduğu Günəş sisteminin yaranması və inkişafı prosesindən bəhs edilir. Asteroid, meteorit, kometalar kimi göy cisimlərindən də müfəssəl qaydada bəhs edilir. Yerin daxili təbəqələrinin (yer qabığı, mantiya, nüvə ) əmələ gəlməsindən və tərkibindən bəhs edən fəsil diqqəti cəlb edəndir. Maqmatizm, geotektoniki proseslər, dağəmələgəlmə hadisələri, vulkanlar va zəlzələlərin təsviri sadə, anlaşıqlı dildə ifadə olunmuşdur.
Yerin səthində insanların birbaşa müşahidə dairəsinə daxil olan geoloji hadisələrin - okeanların, çayların, buzlaqların va küləyin fəaliyyəti barədə məlumatlar da müəyyən maraq kəsb edir. Bəşəriyyətin yarandığı vaxtdan təbiətət nüfuz edərək ətraf mühitdə törətdikləri texnogen geoloji hadisələr baradə məlumatlar da kitabda öz layiqli yerini tapmışdır.
Ümidvarıq ki, ana dilimizə tərcümə edilmiş bu əsər gənc geoloqların, coğrafların, yuxarı sinif şagirdlərinin və ümumiyyətlə təbiətsevənlərin - geniş oxucu kütləsinin masaüstü kitabına çevriləcəkdir.