NEOTEKTONİK MƏRHƏLƏDƏ ALP-HİMALAY OROGEN QURŞAĞI QAFQAZ SEQMENTİNİN GEODİNAMİKASI
(F.S.Əhmədbəyli, M.İ.İsayeva, F.Ə.Qədirov, V.V.Korobanov)
Qafqaz Alp-Himalay qırışıq orogen qurşağının mühüm seqmentlərindən biri olmaqla, uzun sürən geoloji zaman ərzində mürəkkəb inkişaf yolu keçmişdir.
Paleomaqnit məlumatlar əsasında aparılmış palinspastik analiz yura, təbaşir və paleogen dövrlərində iri geoblokların (plitələrin və mikroplitələrin) paleotektonik mövqeyin məkan və zamanda aşkar etməyə imkan verir. Yura - dördüncü dövr ərzində baş vermiş maqmatik proseslərin təkamülü və bu proseslərdə neotektonik mərhələ ərəfəsindəki xüsusiyyətləri ətraflı təhlil edilmişdir.
Monoqrafiyada işıqlandırılan mühüm problemlərdən biri neotektonik mərhələdə (müasir dövr daxil olmaqla) baş vermiş seysmik proseslərdir.
Neotektonik mərhələdə geoloji proseslərin kompleksli ətraflı analizi Cənubi Qafqazın və ona həmsərhəd olan regionların neotektonik təkamülü və geodinamikası haqda bir sıra mühüm nəticələri əsaslandırmağa imkan verir.
Müəyyən edilmişdir ki, Cənubi Qafqazın müasir geoloji strukturu və relyefin formalaşması neotektonik mərhələdə, yəni oliqosen dördüncü dövr ərzində baş vermişdir. Geotektonik proseslərdə Yer qabığında baş verən həm horizontal və həm də şaquli istiqamətli tektonik hərəkətlərin birgə təsiri mühüm rol oynamışdır.
AZƏRBAYCAN MİNERALLARI
(Ak.A. Əlizadə, M.İ. Çıraqov, S.F. Vəlizadə, H.A. Vəliyev)

İllüstrasiyalı “Azərbaycan mineralları” ensiklopediyası ölkə ərazisində yayılmış minerallara dair məlumatlardan istifadə etməyi asan qavranılan formada maksimal dərəcədə intensivləşdirməyə imkan verən əyani vəsaitdir. Bu məqsədlə Respublikanın müxtəlif təşkilatlarında fəaliyyət göstərən muzeylərdə toplanmış və həmçinin geoloqların şəxsi kolleksiyalarında saxlanılan və lütfkarlıqla bizə verilən mineral nümunələrindən istifadə edilmişdir.
Ensiklopediyanın tərtibçilərinin qarşısında Azərbaycan minerallarının təbii gözəlliyini və müxtəlifliyini göstərmək və asan qavranılan şəkildə onların qısa təsvirini vermək kimi konkret məsələ dururdu. Bunu nəzərə alaraq, hər bir mineral növünün təsvirində ədəbiyyatdan istifadə etməklə onun kristallokimyəvi formulu, sinqoniyası, növ müxtəliflikləri, rəngi, cizgisinin rəngi, parıltısı, şəffaflıq dərəcəsi, sıxlığı, sərtliyi, ayrılması, kristal və aqreqatlarının morfoloji xüsusiyyətləri, mənşəyi, yayılması, müşayiətçi mineralları, yataqları və tətbiq sahələri göstərilir. Bir sıra mineralların digər səciyyəvi xüsusiyyətləri də qeyd edilir. Onların çoxu adətən miqyası və sənaye əhəmiyyəti baxımından məşhur dünya yataqları ilə müqayisə edilməyəcək olsa da, müstəqil inkişaf yoluna qədəm qoymuş Azərbaycanın mühüm mineral-xammal bazası sayılır.
Müəlliflər hesab edirlər ki, təqdim olunan ensiklopediya peşəkar mineraloqlar üçün deyil, geologiyanın başqa sahələrində çalışan mütəxəssislər və Azərbaycanın təbii sərvətləri ilə maraqlanan digər təbiətşünaslar üçün nəzərdə tutulmuşdur.
MUĞAN MONOKLİNALI (Rus dilində)
(Fərid Həsən oğlu Dadaşov, Pərvanə Əlifağa qızı Məmmədova, Emin Faiq oğlu Ələkbərov)
XÜLASƏ
Azərbaycanda qeyri-antiklinal tipli neft və qaz yataqlarının axtarışı üçün perspektivli obyektlərdən biridə Muğan monoklinalıdır. Belə yataqların axtarışı çətin və mürəkkəbliyini nəzərə alaraq yeni axtarış metodikasının işlənməsi, eləcə də geoloji, geofiziki və geokimyəvi axtarış-kəşfiyyat üsullarından kompleks halında istifadə edilməsi zəruridir. Kitabda böyük faktiki materiallar əsasında bu məsələlərə ətraflı baxılmışdır. Muğan monoklinalının Məhsuldar qat kəsilişində qonşu neft yataqlarında müəyyən edilmiş sənaye əhəmiyyətli horizontlar qeydə alınmış, Məhsuldar qatın horizontları daxilində ayrı-ayrı qumlu və gilli dəstələrin ayrılması ilə zonal və regional müqayisəsi verilmişdir. Aşağı Kür çökəkliyinin cənubi-qərb qanadının maykopdan dördüncü dövrə qədər paleocoğrafiyasına baxılmışdır. İlk dəfə olaraq Muğan monoklinalının pliosen-dördüncü dövrdə qədim çay şəbəkəsinin sxemi tərtib edilmiş, deltalarda çöküntülərin əmələgəlməsini nəzərə alaraq qeyri-antiklinal tələlərinin əsas genetik tiplərinin formalaşması təsvir edilmişdir.
Muğan monoklinalında torpaqaltı çöküntülərinin ümumi geokimyəvi xarakteristikası öyrənilmişdir. Karbohidrogen qaz sahəsinin strukturunda sahəvi qaz anomaliyaları müəyyən edilmişdir. Məhsuldar qat çöküntülərinin güman edilən neft-qaz yataqlarından qalxan qazların hesabına Muğan monoklinalı torpaqaltı çöküntülərində karbohidrogen qazlarının anomaliya zonalarının əmələgəlməsi eksperimental və nəzəri cəhətdən əsaslandırılmışdır. Muğan monoklinalının torpaqaltı çöküntülərində karbohidrogen qazlarının qaz-geokimyəvi axtarışı zamanı görülən işlərin dəyərini azaldan kompleks geokimyəvi tədqiqatların metodikası təqdim edilmişdir.
Məlum geoloji-geokimyəvi təsəvvürlərin, metan karbonunun və onun homoloqlarının izotop analizi əsasında katagenetik proseslər nəticəsində neft-qaz əmələgəlməsinin əsas fazasında karbohirogenlərin formalaşması müəyyən edilmişdir. Məhsuldar qatda karbohidrogenlərin generasiya və akkumulyasiyasının kəmiyyətcə hesablanması aparılmışdır. Kompleks tədqiqatlar nəticəsində iki perspektivli neftli sahə – Sərxanbəyli və Şorsulu – müəyyən edilmiş və Həşimxanlı sahəsinin perspektivli olması təsdiq edilmişdir.
FİLİZƏMƏLƏGƏLMƏ PROSESLƏRİNDƏ METALLARIN GEOKİMYASI VƏ MİNERALOGENİYASI
(C.Ə.Azadəliyev)
Monoqrafiyada filizəmələgətirən 40-dan artıq metalın − qara, əlvan, nadir, nəcib və radioaktiv metalların tətbiqi, kəşf tarixi, ehtiyatları, hasilatı və istehlakı məsələlərinin çox qısa şərhindən sonra başlıca olaraq metalların bəzi fiziki və geokimyəvi xassələri, endogen və ekzogen mənşəli mineraləmələgəlmə proseslərində geokimyəvi davranış xüsusiyyətləri və mineralogeniyası kifayət dərəcədə dolğun, lakin olduqca yığcam və asan dərkolunan məzmunda verilmişdir.
Kitab müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər, elm və təhsil adamları, istehsalatda çalışan geoloqlar, eləcə də ali məktəblərin geologiya fakültəsində müvafiq ixtisaslar üzrə, qismən də kimya fakültəsinin qeyri-üzvi kimya ixtisası üzrə təhsil alan yuxarı kurs tələbələri, magistrantlar, aspirantlar və dissertantlar üçün çox faydalı bilik mənbəyi ola bilər.