Monoqrafiya və kitablar
ÜZVİ MADDƏNİN, NEFTLƏRİN VƏ QAZLARIN TƏDQİQİNİN MÜASİR ÜSULLARI
(Ə.Ə. Feyzullayev, S.V. Abbasova) Bakı, Nafta-Press, 2013, 224 s.
Kifayət qədər şəkillərlə təchiz edilmiş vəsait üç dildə yazılmışdır: azərbaycan, rus və ingilis.
Dərs vəsaiti neft və qaz sahəsində təhsil alan tələbələrə, doktorantlara, habelə pedaqoq və mütəxəssislərə tövsiyyə olunur.
YERALTI SULARIN KƏŞFİYYATI VƏ İSTİSMAR EHTİYATLARININ QİYMƏTLƏNDİRİLMƏSİ
(A.B.Ələkbərov) Bakı, 2014, "Nafta-pressi" , 180 s.
Kitabda, Azərbaycan dilində ilk dəfə olaraq yeraltı su yataqlarında axtarış və kəşfiyyat işlərinin aparılması, yeraltı suların istismar ehtiyatlarının qiymətləndirilməsi metodikası şərh olunur. Təbiətdə rast gəlinən müxtəlif növ yeraltı su yataqlarında hidrogeoloji tədqiqatların və ehtiyatların qiymətləndirilməsinin fərqli xüsusiyyətləri, hidrogeoloji terminologiya və hüquqi məsələlər, yeraltı suların keyfiyyət standartları və normativləri, istismar ehtiyatlarının təsnifatı, sanitar-mühafizə zonalarının yaradılması və bir çox digər elmi-nəzəri və praktiki məsələlər kitabda öz əksini tapmışdır.
Kitab hidrogeoloqlar, su təchizatı mütəxəssisləri, ekoloqlar, elmi işçilər, tələbələr üçün nəzərdə tutulmuşdur.
NEFT VƏ QAZ ÇIXARMADA TERMODİNAMİKANIN TƏTBİQİ MƏSƏLƏLƏRİ
(M.T.Abasov, Z.Y.Abbasov, V.M.Fətəliyev, N.N.Həmidov, G.H.Məmmədova ) Bakı, 2013, "Nafta-pressi", 226 s., (rus dilində)
Kitabada qazkondensat yataqlarının istismarı zamanı karbohidrogen sistemlərinin faza münasibatlərinin xüsusiyyətlərinin nəzəri, və eksperimental üsullarla tədqiqinə dair yeni tədqiqat materialları təqdim olunmuşdur. Çoxkomponentli sistemlərədə baş verən retroqrad hadisəsinin fiziki mahiyyətinin və təzahür mexanizminin yeni elmi şərhi, kondensasiya prosesinin mikrorüşeymlər zonasının tədqiqi və onun qazkondensat yataqlarının işlənilmə göstəricilərinə təsirinin kəmiyyətcə qiymətləndirilməsi, qazkondensat sisteminin kondensasiya təzyiqinin qaz-maye və termobarik şərait nəzərə alınmaqla tədqiqi və onun mahiyyətinə yeni elmi yanaşma, kondensatın müxtəlif tərkibli qazlarla buxarlandırılmasına qazların həllolma qabiliyyətinin, məsasaməli mühitin və digər amillərin təsirinin tədqiqi və bu üsulun səmərəliliyinin artırılması kimi məsələlər monoqrafiyada şərh olunur (monoqrafiya rus dilində yazılmışdır).
Kitab elmi, mühəndis-texniki işçilər və neft, qaz yataqlarının işlənməsi problemləri ilə məşğul olan tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.
Kitab 226 səfhədən, 77 şəkildən və 52 cədvəldən ibarətdir.
KÜR ÇÖKƏKLİYİ GÖLLƏRİNİN EKOHİDROLOJİ PROBLEMLƏRİ VƏ ONLARIN TƏNZİMLƏNMƏSİNİN ƏSAS PRİNSİPLƏRİ
(V.A.MƏMMƏDOV) Bakı, 2011, "Nafta-Press" , 340 s.

Kitabda Kür çökəkliyi göllərinin antropogen təsirlə dəyişməsi və yaranmış ekocoğrafi problemlərin həlli yolları araşdırılır. Hidroloji, hidrokimyəvi və hidrobioloji yönümlü çoxillik məlumatların təhlili göstərir ki, Kür, Araz və onların qollarında axımın tənzimlənməsi ilə göllərin təbii rejimi pozulmuşdur. Nəticədə onların miqdarı, sahə və su həcmi azalmış, minerallaşma və çirklənmə dərəcələri isə artmışdır. Bu dəyişmələrin qanunauyğunluqları və parametrləri göstərilir. Konstruktiv üsullardan istifadə olunaraq regionun böyük göllərinin ekoloji tarazlığının bərpası yolları və ehtiyatlarından səmərəli istifadə imkanları araşdırılır.
Hidrologiya, ekologiya, hidrobiologiya, hidrokimya və hidrotexnika sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.