Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA İNSTİTUTUNDA AKADEMİK ƏLƏŞRƏF ƏLİZADƏNİN 115 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLMİŞ TƏDBİR
ETN Geologiya İnstitutunda (Gİ) akademik Ələşrəf Əlizadənin 115 illiyinə həsr edilmiş Respublika elmi konfransı keçirilib.
Konfrans Neftçi Geoloqları Cəmiyyəti İB, Avropa Yer Elmləri Alimləri və Mühəndisləri Assosiasiyasının Azərbaycan bölməsi (EAGE LC Azerbaijan) və AR ETN Geologiya İnstitutunun birgə təşkilatçılığı ilə reallaşib. Tədbirdə AMEA-nın vitse-prezidenti İbrahim Quliyev, SOCAR-ın VP Arzu Cavadova və təşkilatçı elmi qurumların nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Neftçi Geoloqlar Cəmiyyəti İdarə Heyətinin sədri geologiya-mineralogiya elmləri doktoru Akif Nərimanov tanınmış alimin bioqrafiyasındn qısa məlumat verərək bildirib ki, akademik Ələşrəf Əlizadənin elmi fəaliyyət, pedaqoji, hami – tərbiyəçilik yolu hələ onun sağlığında gənclərə örnək olub. O, Azərbaycan Neft İnstitutunun geoloji — kəşfiyyat fakültəsində təhsil alıb. 1938–1946 və 1954–1959-cu illərdə Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası) dərs deyib. 1945-ci ildə Azərbaycan SSR EA həqiqi üzvü seçilib və bu elm məbədinin yaradıcılarından biri olub. "Azneft" və "Azneftkəşfiyyat" birliklərinin rəisi, 1949–1954-cü illərdə Türkmənistanın M. Qorki adına Dövlət Universitetində kafedra müdiri və Türkmənistan SSR EA faydalı qazıntılar bölməsinin müdiri vəzifələrində çalışıb. 1959–1970-ci illərdə isə Azərbaycan Dövlət Neft Sənayesi Elmi Tədqiqat Layihə İnstitutunun direktoru vəzifəsini daşıyıb. Bütün vəzifələrdə əsas fəaliyyəti elmlə sıx bağlı olub.
Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə yubilyar haqqında maraqlı faktlarla çıxışında görkəmli azərbaycanlı alimi elmin vurğunu, prinsipial şəxsiyyət, qayğıkeş pedaqoq kimi xarakterizə edib. Bildirib ki, təkçə müəllimləri və həmkarları haqqında ərsəyə gətirdiyi kitab onun elmə daim daxili bir tələbatla yaşadığına sübutdur. Fitri istedad onu bütün ömrü boyu müşayiət edib. 16 yaşından məktəblərdə müəllimlik edib, 17 yaşı olanda Xızının Zərgərli kəndində məktəbə direktor təyin olunub. 1930-cu ildə indiki Neft Akademiyasının geoloji-kəşfiyyat fakültəsinə daxil oluraq 1935-ci ildə oranı bitirib. Oxuduğu müddətdə həm də orada müəllim işləyib. Müharibə vaxtı Bakı şəhər Partiya komitəsinin katibi işləyəndə bilikli və işgüzar Ələşrəf cəbhəyə neft göndərilməsinə nəzarət edib. O dövrdə Lenin ordeninə, 2 dəfə Stalin mükafatına layiq görülüb. Ailə üzvlərinin sonralar dediklərinə görə, müharibə vaxtı elə kabinetdə yaşayıb, həm də elmi iş üzərində işləyirmiş. Bir dəfə Mircəfər Bağırov onu yanına çağıraraq deyib ki, "gərək biz öz akademiyamızı təşkil edək, sən mənə o akademikləri müəyyənləşdirməkdə kömək et”. Ələşrəf Əlizadə 18 nəfərin adını yazır. M.Bağırov 4 nəfərin adını siyahıdan çıxarır və Ə.Əlizadənin də adını oraya əlavə edir. Beləliklə, Ələşrəf Əlizadə ilə birlikdə 15 nəfər akademik təyin olunur. Bu gün 115 yaşı tamam olan görkəmli Azərbaycan aliminin Respublika elminə, neft sənayesinə verdiyi töhfələr həmişə yaddaşlarada qalacaq və onu əbədi yaşadacaq.
Tədbir sonra təqdimatlarladavam edib. Xəqani Abdullayev (“Neftqazelmitədqiqatlayihə” İnstitutu )“Bakı arxipelaqının CQ tranzit zonasında dərin qatların geoloji quruluşu haqqında”, Emin Qurbanov (SOCAR, Azneft İB) “Uzun müddət işlənmədə olan neft-qaz yataqlarının qalıq ehtiyatlarının mənimsənilməsi problemləri”, Kəmalə Səfərli (“Neftqazelmitədqiqatlayihə”İnstitutu) Yevlax-Ağcabədi hövzəsində Maykop çöküntülərinin toplanma şəraiti, mineraloji tərkibinin dəyişməsi və petrofiziki xüsusiyyətləri”, Orxan Rəcəbli (“Neftqazelmitədqiqatlayihə”İnstitutu, SOCAR, Baş ofis) və Şamil Pənahəliyev (qazma və tamamlama məhlulları üzrə mühəndis ) “Qazma prosesi məlumatlarıının təhlili və toplanması nəticəsində müəyyən edilən qazma prosesinin monitorinq sistemlərindən istifadə edilən yanaşmalar və problemlər” mövzusunda təqdimat reallaşdırıblar və onlara ünvanlanmış soxsaylı sualları cavablandııblar.
Nahar fasiləsindən sonra təşkilatçı qurumların nümayəndələri daha 13 mövzuda elmi təqdimat reallaşdırıblar.
Xatırladaq ki, bu tədbir ETN Geologiya İnstitutunun sayca 14-cü Respublika Elmi konfransı idi.