Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA İNSTİTUTU PHŞ ALİMİNİN MÜŞTƏRƏK TƏDQİQAT ƏSƏRİ BEYNƏLXALQ KONFRANSIN MATERİALLARINDA YER ALIB
Geologiya və Geofizika İnstitutunun “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin rəhbəri y.e.e.d., dosent Qulam Babayev hazırda Riyaziyyat İnstitutunun (əvvəlki İdarəetmə Sistemləri İnstitutunun) alimləri ilə birgə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən “Adaptiv Hesablama və Maşın Zəkası” üzrə 12-ci beynəlxalq konfransda (ing., 12th International Conference on Soft Computing & Machine Intelligence (ISCMI))“ adlı beynəlxalq konfransda “Qeyri-səlis zaman sıraları paradiqması çərçivəsində seysmik siqnalların xarakterik nümunələrinin aşkarlanması” (ing., Detection of the Seismic Signal Patterns in Fuzzy Time Series Forecasting Paradigm) mövzusunda tədqiqat işi dərc olunub.
Həmin konfrans materialı “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin 2025-ci ildə qəbul olunmuş “Rəqəmsal seysmik stansiyaların məlumatlarının intellektual təhlili əsasında Böyük Qafqaz Üstəgəlməsinin (Azərbaycan hüdudlarında) güclü qrunt hərəkətlərinin modelləşdirilməsi” adlı elmi-tədqiqat işi çərçivəsində aparılan tədqiqatların bir qismini ehtiva edir. Şöbənin elmi-tədqiqat işinə Riyaziyyat İnstitutunun “Qərarların qəbul edilməsini dəstəkləyən informasiya sistemləri” laboratoriyası və Respublika Seysmoloji Xidmət Mərkəzi də cəlb olunub.
Braziliyanın Rio-de-Janeyro şəhərində 2025-ci il noyabrın 21-23-də keçirilən konfransın toplusunda dərc olunmuş sözügedən tədqiqatda seysmik titrəyişlərin siqnal səviyyəsinin onların qeydə alındığı zamandan asılılığının proqnozlaşdırılması probleminin həlli təklif olunur. Bu yanaşma seysmik siqnalların qeyri-müəyyən və küylü xarakterini nəzərə alaraq qeyri-səlis zaman sıraları (fuzzy time series) proqnozlaşdırma paradiqmasına əsaslanır. Həmin çərçivədə ilkin seysmik məlumatlar əvvəlcə qeyri-səlis çoxluqlar vasitəsilə təsvir edilir, nəticədə siqnalların qeyri-dəqiqliyi və dəyişkənliyi effektiv şəkildə modelləşdirilir. Deyilən üsul ənənəvi statistik metodlarla müqayisədə mürəkkəb seysmik proseslərin analizi və gələcək davranışlarının qiymətləndirilməsi baxımından daha çevik və etibarlı nəticələr əldə etməyə imkan verir.
Sözügedən konfrans materialı ilə tanış olmaq istəyən oxucular aşağıdakı istinad məlumatı ilə onlayn resurslarda axtarış edə bilərlər:
R.Rzayev, E. Aliyev and G. Babayev, "Detection of the Seismic Signal Patterns in Fuzzy Time Series Forecasting Paradigm," 2025 12th International Conference on Soft Computing & Machine Intelligence (ISCMI), Rio de Janeiro, Brazil, 2025, pp. 228-233, doi: 10.1109/ISCMI67495.2025.11358576