Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
AZƏRBAYCAN ƏRAZİSİNDƏ SON DÖVRÜN ƏN GÜCLÜ PALÇIQ VULKANLARINDAN BİRİ PÜSKÜRÜB
Qobustan geoloji rayonunda yerləşən və aktivliyi ilə tanınan Durandağ palçıq vulkanı yanvar ayının 30-da növbəti dəfə oyanaraq güclü püskürmə nümayiş etdirib. Təxminən 15 dəqiqə davam edən aktiv faza zamanı yüzlərlə metr hündürlüyə qalxan alov sütunu müşahidə olunub, yer səthinə böyük həcmdə palçıq breksiyası xaric edilib.
Püskürmənin miqyasını qiymətləndirmək məqsədilə AR ETN Geologiya İnstitutu PHŞ-nin “Palçıq vulkanizmi” şöbəsinin əməkdaşları – baş elmi işçi Yer elmləri üzrə elmlər doktoru, dosent Orxan Abbasov, elmi işçi Elnur Baloğlanov, mühəndislərdən Elmar Səmədov və Orxan Mehdiyev hadisə yerində tədqiqatlar aparıblar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının da iştirak etdiyi monitorinqlər zamanı müəyyən edilib ki, püskürmənin aktiv fazası qısa olsa da, vulkanın püskürmə mərkəzində intensiv alovlanma prosesi davam etməkdədir. Alovlanma nəticəsində vulkan strukturunun şərq yamacında və ətraf bitki örtüyü ərazisində geniş yanğın sahəsi yaranıb.
Tədqiqatın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, yer səthinə atılan palçığın orta qalınlığı təxminən 0,9 metr, ümumi yayılma sahəsi 14 hektardır. Püskürmə zamanı xaric olunan palçığın ümumi həcmi 126 000 m³ həcmində qiymətləndirilir. Püskürmə vulkan sahəsində güclü dağıdıcı təsirlərlə müşayiət olunub, palçıq axını zonasının şimal və cənub kənarlarında kilometrlərlə ölçülən çoxsaylı radial çatlar yaranıb.
Məlumat üçün bildirək ki, bu hadisə Durandağ vulkanının sayca 7-ci paroksizmi (püskürməsi) olaraq qeydə alınıb. Vulkanın əvvəlki püskürmələri 1960, 1968, 1986, 2001, 2004 və 2016-cı illərdə baş verib.
Hazırda Durandağ palçıq vulkanında elmi araşdırmalar davam etdirilməklə yanaşı püskürmə nəticəsində yer səthinə çıxmış süxur nümunələrinin laborator şəraitdə analitik tədqiqatları da reallaşır.