
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA ELMİ İŞİN MÜDAFİƏSI KEÇİRİLİB
Ali Attestasiya Komissiyasının Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.01 Dissertasiya şurasının növbəti iclası keçirilib.
Dissertasiya şurasının sədri geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, professor Əkpər Feyzullayev GGİ-nin doktorantı “Yer təkində istilik-kütlə daşınma” şöbəsinin kiçik elmi işçisi Pərviz Məmmədovun “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Abşeron neftli-qazlı rayonunun Pliosen yaşlı çöküntülərinin istilik xassələri və istilikdaşınma modelləri” mövzusunda dissertasiya işinin müdafiəsinə həsr olunmasını elan edib. Bildirib ki, elmi iş Geologiya və Geofizika İnstitutunda yerinə yetirilib. İşin rəhbəri g.-m.e.d., dos. Abdulvahab Muxtarov, rəsmi opponentlər g.-m.e.d., prof. Tofiq Əhmədov (ADNSU), y.e.d., dos. Vaqif Qədirov (BDU) və g-m.f.d., dos. Xalid Məlikovdur (Binaqadi Oil Kompani, Geoloji Departament).
Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Dilquşa Mirzəyeva şura üzvlərini dissertasiya şurasına daxil olan sənədlərlə tanış edib.
Sonra Pərviz Məmmədov dissertasiyanın mahiyyəti və aldığı nəticələr barədə ətraflı məlumat verib.
İclasda qeyd olunub ki, qlobal iqlim dəyişikliklərinin intensivləşməsi, istiləşmənin artması və təbii fəlakətlərin çoxalması fonunda fosil yanacaqlardan imtina və alternativ enerji mənbələrinə keçid aktuallıq qazanıb. Bu kontekstdə geotermal enerji digər bərpa olunan enerji növləri ilə yanaşı, karbon emissiyalarının azaldılması və enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır. Azərbaycanda istixana qazı emissiyalarının azaldılması və bərpa olunan enerji istehsalının artırılması istiqamətində strateji hədəflər müəyyənləşdirilib. COP29 kimi beynəlxalq tədbirlərdə ölkənin bu sahədəki təşəbbüsləri xüsusi qeyd olunur. Lakin ölkəmizdə geotermal enerjinin istifadəsi hazırda inkişaf mərhələsindədir. Bu baxımdan, Pərviz Məmmədovun Abşeron neftli-qazlı rayonunun Pliosen yaşlı çöküntülərinin istilik xassələrinin və istilikdaşınma modellərinin qurulması və geotermal enerji resurslarının qiymətləndirilməsinə həsr olunmuş dissertasiya işi aktualldır.
P.Məmmədov dissertasiya və avtoreferata dair dissertasiya şurasına daxil olmuş rəylərdə olan iradlara münasibət bildirdikdən sonra müdafiədə iştirak edən dissertasiya şurası üzvlərinin sualları cavablandırılaraq geniş müzakirələr aparılıb və sonra gizli səsvermə keçirilib. İddiaçının Yer elmləri sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi üçün gizli səsvermənin nəticəsi müsbət hesab edilib.