Ana Səhifə / Xəbərlər

Xəbərlər

12 Nov 2026 Çöl tədqiqatları Çöl tədqiqatları

GEOLOGİYA İNSTİTUTU XOCALI RAYONUNDA KOMPLEKS RADİOEKOLOJİ TƏDQİQATLAR HƏYATA KEÇİRİB

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının icrası çərçivəsində Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutu PHŞ tərəfindən Xocalı rayonuna elmi ekspedisiya təşkil olunub.
 
İnstitutun “İşğaldan azad edilmiş ərazilərdə radioaktiv sahələrin və radon qazının yayılma aktivliyinin tədqiqi və ‘qaynar nöqtələrin’ geoloji təbiətinin təhlili” mövzusunda elmi-tədqiqat işi çərçivəsində təşkil edilən ekspedisiya 23 oktyabr – 1 noyabr 2026-cı il tarixlərində keçirilib.
 
AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Çingiz Əliyevin rəhbərlik etdiyi “Radiometriya və nüvə geofizikası” laboratoriyasında həyata keçirilən tədqiqatlar çərçivəsində ekspedisiyada laboratoriyanın aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Əzizə Əliyeva və böyük laborant Xəyal Kərimli iştirak ediblər.
 
Ekspedisiya müddətində Xocalı rayonu ərazisində kompleks radioekoloji tədqiqatlar və monitorinq işləri aparılıb. Çöl şəraitində qamma şüalanmanın ekvivalent doza gücü ölçülüb, torpaq səthində qamma-spektrometrik ölçmələr həyata keçirilib, radon qazının həcmi aktivliyi müəyyən edilib. Laboratoriya şəraitində sonrakı qamma-spektrometrik analizlərin aparılması məqsədilə müxtəlif məntəqələrdən torpaq və dağ süxurları nümunələri götürülüb.
 
Tədqiqatlar nəticəsində əldə olunan məlumatlar əsasında Xocalı rayonu, eləcə də bütövlükdə Qarabağ və Şərqi Zəngəzur ərazilərində təbii radioaktivliyin və torpaqda radon qazının həcmi aktivliyinin paylanmasını əks etdirən elektron xəritə-sxemlərin hazırlanması nəzərdə tutulur. Bu xəritələr regionun radioekoloji vəziyyətinin qiymətləndirilməsi, potensial riskli sahələrin müəyyənləşdirilməsi və ərazilərin ekoloji təhlükəsizliyinin elmi əsaslarla öyrənilməsi baxımından əhəmiyyət daşıyır.
 
Geologiya İnstitutunun həyata keçirdiyi bu elmi-tədqiqat işləri işğaldan azad edilmiş ərazilərdə radioekoloji vəziyyətin sistemli şəkildə öyrənilməsinə, Böyük Qayıdış prosesinin elmi-informasiya təminatına, həmçinin yenidənqurma və məskunlaşma tədbirlərinin ekoloji təhlükəsizlik prinsiplərinə uyğun aparılmasına elmi əsas yaradır.
GEOLOGİYA İNSTİTUTU XOCALI RAYONUNDA KOMPLEKS RADİOEKOLOJİ TƏDQİQATLAR HƏYATA KEÇİRİB
GEOLOGİYA İNSTİTUTU XOCALI RAYONUNDA KOMPLEKS RADİOEKOLOJİ TƏDQİQATLAR HƏYATA KEÇİRİB
next
next