Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA İNSTİTUTUNDA 8 NOYABR – ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA TƏŞKİL EDİLİB
8 Noyabr – Zəfər Günü münasibətilə Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutunda “44 günlük Vətən müharibəsi: Azərbaycan dövlətçiliyinin gücü, milli birlik və tarixi ədalətin bərpası” mövzusuna həsr olunmuş dəyirmi masa təşkil olunub.
Tədbirdə institutun direktoru Elçin Vəliyev, elmi işçilər və digər əməkdaşlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən institutun direktoru Elçin Vəliyev 44 günlük Vətən müharibəsinin Azərbaycan dövlətçilik tarixindəki müstəsna əhəmiyyətindən, tarixi Zəfərin siyasi, hərbi və ictimai nəticələrindən bəhs edib. O, əldə olunan Qələbənin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin, güclü dövlətçilik strategiyasının, milli həmrəyliyin, xalq-ordu birliyinin və Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinin nəticəsi olduğunu vurğulayıb.
Direktor qeyd edib ki, Azərbaycanın qazandığı tarixi Zəfər ölkənin müasir inkişafının, beynəlxalq mövqeyinin möhkəmlənməsinin və qarşıya qoyulan strateji hədəflərin uğurla reallaşdırılmasının məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində mümkün olduğunu bir daha təsdiqləyib. O, həmçinin Qələbənin tarixi ədalətin bərpası ilə yanaşı, ölkənin gələcək inkişafı üçün yeni perspektivlər açdığını diqqətə çatdırıb.
Tədbir çərçivəsində çıxış edən institut əməkdaşları mövzuya dair elmi yanaşmalarını və fikirlərini bölüşüblər. Çıxışlarda geologiya elminin azad edilmiş ərazilərin geoloji quruluşunun, faydalı qazıntı potensialının öyrənilməsi və həmin ərazilərin dayanıqlı inkişafının elmi əsaslarının müəyyənləşdirilməsindəki rolu xüsusi vurğulanıb.
Tədbirdə “Bərk faydalı qazıntıların geologiyası” laboratoriyasının mühəndisi, 44 günlük Vətən müharibəsinin iştirakçısı Cəlal Əsgərovun iştirakı da xüsusi əhəmiyyət kəsb edib. Üç medalla təltif olunmuş müharibə iştirakçısı Vətən müharibəsi ilə bağlı təəssüratlarını və şəxsi fikirlərini bölüşüb.
Geologiya İnstitutunda şəhid ailələri və onların övladları ilə görüşlərin keçirilməsinə, onlar üçün müxtəlif maarifləndirici və sosial tədbirlərin təşkilinə xüsusi diqqət yetirilir. Bu çərçivədə 20 Sentyabr – Dövlət Suverenliyi Günü şəhid övladları üçün ustad dərsi təşkil olunmuş, 27 Sentyabr – Anım Günü ərəfəsində Xızı rayonuna geoloji ekspedisiya həyata keçirilmiş, şəhid mayor Xəyal Məmmədovun həyat və döyüş yoluna həsr olunmuş “Vətənin Xəyalı” kitabının təqdimat mərasimində iştirak etmişdir. Geologiya İnstitutunun kollektivi şəhid ailələrinə diqqət və qayğının göstərilməsini mənəvi borc hesab edərək, bu ənənənin davamı olaraq şəhid Natiq İsmayılovun ailəsi ilə görüşmüş, məzarını ziyarət edərək əziz xatirəsini yad etmişdir.