Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA İNSTİTUTUNDA DİSSERTASİYA İŞİNİN MÜDAFİƏSİ KEÇİRİLİB
26 oktyabr 2026-ci il tarixində saat 1430-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.01 Dissertasiya şurasının növbəti iclası keçirilmişdir.
İclas dissertasiya şurasının sədri, geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, professor Əkpər Feyzullayevin açılış sözləri başlamış, sədr yeni fəaliyyətə başlamış FD 1.01 Dissertasiya şurasının tərkibi haqqında məlumat vermiş, daha sonra iddiaçı Geologiya İnstitutunun Seysmik tədqiqatlar laboratoriyasının kiçik elmi işçisi Tural Hikmət oğlu Babayevin 2507.01 – “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” ixtisasında yer elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Ssenar zəlzələlərinin məlumatlar toplumuna əsasən Şəmkir su anbarı ərazisində sintezlənmiş seysmik təsirin modelləri” mövzusunda dissertasiya işinin müdafiəsini açıq elan etmişdir.
Dissertasiya işi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya İnstitutunda yerinə yetirilmişdir.
Elmi rəhbər - y.e.e.d., prof. Babayev Qulam Rüstəm oğlu. Rəsmi opponentlər: f.-r.e.d., dos. Həsənov Ədalət Bədəl oğlu (AR ETN Geologiya İns. Litostratiqrafiya və sedimentologiya laboratoriyası), g.-m.e.n., dos. Şəkərov Hafiz İsmayıl oğlu və g.-m.f.d., dos. Kazımova Səbinə Eldar qızı (AMEA RSXM)
Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Dilquşa Mirzəyeva iddiaçı barəsində qısa məlumat və dissertasiya şurasına daxil olan sənədlərlə şura üzvlərini tanış etdi.
Daha sonra sədr sözü iddiaçıya vermiş və iddiaçı Tural Babayevin dissertasiyanın mahiyyəti və aldığı nəticələr barədə çıxışı dinlənilmişdir.
Təqdimatda ssenar zəlzələlərinin məlumatlar toplumuna əsasən seysmik təsirin modelləşdirilməsinin seysmik təhlükənin qiymətləndirilməsində mühüm elmi-praktiki əhəmiyyəti vurğulanmışdır. Xüsusilə, hidrotexniki qurğuların, o cümlədən Şəmkir su anbarının yerləşdiyi ərazilərdə mümkün zəlzələlərin yaratdığı seysmik təsirlərin öyrənilməsi infrastrukturun təhlükəsizliyinin təmin edilməsi baxımından aktualdır. Bu baxımdan, müasir seysmik məlumatlardan istifadə etməklə ərazinin seysmik xüsusiyyətlərinin araşdırılması, qrunt hərəkətlərinin modelləşdirilməsi və gözlənilən seysmik təsirlərin ssenar zəlzələlər əsasında qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, Tural Hikmət oğlu Babayevin “Ssenar zəlzələlərinin məlumatlar toplumuna əsasən Şəmkir su anbarı ərazisində sintezlənmiş seysmik təsirin modelləri” mövzusunda dissertasiya işi aktual elmi və praktiki problemə həsr olunmuşdur.
İddiaçı dissertasiya və avtoreferata dair dissertasiya şurasına daxil olmuş rəylərdə olan iradlara münasibət bildirdikdən sonra iştirakçıların suallarını cavablandırmış, daha sonra görkəmli alimlərin çıxışları dinlənilmiş və sonda dissertasiya şurasında gizli səsvermə keçirilmişdir.
İddiaçı Tural Hikmət oğlu Babayevin “Ssenar zəlzələlərinin məlumatlar toplumuna əsasən Şəmkir su anbarı ərazisində sintezlənmiş seysmik təsirin modelləri” mövzusunda 2507.01 - "Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları" ixtisasında Yer elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi üçün gizli səsvermənin nəticəsi müsbət hesab edilmişdir.
Hesablama komissiyasının protokolunun təsdiqindən sonra dissertasiya şurasının üzvlərinə paylanmış yekun rəyin layihəsi müzakirə olunmuş və şuranın iclası başa çatmışdır.