Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA İNSTİTUTUNUN ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB
2026-cı il oktyabrın 8-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutu PHŞ-nin Elmi Şurasının növbəti iclası keçirilib.
İclası Elmi Şuranın sədri Elçin Vəliyev açaraq gündəlikdəki məsələlər barədə məlumat verib, müzakirəyə çıxarılan elmi layihələrin əhəmiyyətini diqqətə çatdırıb.
İclasın əsas gündəm mövzusu SOCAR-ın “Elm və Təhsil Fondu” tərəfindən maliyyələşdirilən və Geologiya İnstitutunda həyata keçirilən elmi-tədqiqat layihələri üzrə aralıq hesabatların dinlənilməsi və qiymətləndirilməsi olub.
İlk olaraq fizika-riyaziyyat elmləri doktoru Ə.B. Həsənov “Azərbaycanda terrigen-karbonat qarışıq kollektor layları olan neft yataqlarının hasilat perspektivliyinin qiymətləndirilməsi” layihəsi üzrə aralıq hesabatla çıxış edib. O, layihə çərçivəsində görülmüş işlər, əldə olunan elmi nəticələr və tədqiqatın əsas istiqamətləri barədə məlumat verib.
Hesabatın ardınca layihənin elmi-metodoloji əsasları, nəticələrin əsaslandırılması və tədqiqatın gələcək inkişaf perspektivləri ətrafında geniş elmi diskussiya aparılıb. Şura üzvləri çoxsaylı suallar ünvanlayıb, müxtəlif elmi yanaşmalar irəli sürüb və əldə olunan nəticələrin daha ətraflı əsaslandırılmasına dair təkliflərini bildiriblər.
Növbəti hesabat y.e.f.d. R.T. Səfərov tərəfindən təqdim olunub. O, “Yeni geofiziki yanaşmalarla qeyri-struktur tipli tələlərin aşkarlanma metodikasının təkmilləşdirilməsi” layihəsi çərçivəsində aparılan tədqiqatlar və əldə edilmiş nəticələr barədə məlumat verib.
İclasın diqqət mərkəzində olan hesabatlardan biri də “Azərbaycanın quru ərazisində və Cənubi Xəzər hövzəsində qeyri-ənənəvi neft-qaz tələlərinin və yataqlarının aşkarlanması və axtarışı metodologiyasının işlənib hazırlanması” layihəsinə həsr olunub.
Layihənin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Vaqif Kərimov tədqiqatın nəticələrini geniş və ətraflı şəkildə təqdim edərək, işlənib hazırlanmış metodoloji yanaşmaları, geoloji və geokimyəvi məlumatların kompleks təhlilinin əhəmiyyətini, eləcə də nəticələrin praktiki tətbiq imkanlarını izah edib.
Çıxışda tədqiqatın SOCAR-ın müvafiq istiqamətlər üzrə fəaliyyəti ilə əlaqəsi xüsusi vurğulanıb. Geoloji və geokimyəvi göstəricilərin kompleks qiymətləndirilməsinin qeyri-ənənəvi neft-qaz tələlərinin müəyyənləşdirilməsi, axtarış-kəşfiyyat işlərinin səmərəliliyinin yüksəldilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb. Hesabat ətrafında aparılan elmi diskussiya zamanı Şura üzvləri suallar ünvanlayıb, ayrı-ayrı məsələlərə dair fikirlərini bölüşüb və müvafiq təkliflər irəli sürüblər.
İclas çərçivəsində “Qazkondensat yataqlarının istismarı zamanı müşahidə olunan termodinamik təzahürlərin idarə edilməsi üsullarının təkmilləşdirilməsi” layihəsi üzrə aralıq hesabat da təqdim olunub. Hesabatda tədqiqatın əsas nəticələri və onların praktiki əhəmiyyəti diqqətə çatdırılıb.
İclasda təqdim olunan layihələrin elmi nəticələrinin istehsalat ehtiyacları ilə uzlaşdırılması, onların neft-qaz yataqlarının axtarışı, qiymətləndirilməsi və işlənməsi proseslərində tətbiq potensialının müəyyənləşdirilməsi məsələlərinə də xüsusi önəm verilib. Qeyd olunub ki, fundamental və tətbiqi tədqiqatların real istehsalat tələbatları ilə əlaqələndirilməsi elmi nəticələrin praktiki əhəmiyyətinin artırılması və geoloji tədqiqatların səmərəliliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İclasın sonunda gündəlikdə nəzərdə tutulan digər məsələlərə baxılıb.