Ana Səhifə / Xəbərlər

Xəbərlər

05 Oct 2026 Diqər xəbərlər Diqər xəbərlər

5 OKTYABR– BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ MÜNASİBƏTİLƏ BÜTÜN MÜƏLLİMLƏRİ, ELM VƏ TƏHSiL FƏDAİLƏRİNİ SƏMİMİ-QƏLBDƏN TƏBRİK EDİRİK!

Müəllim yalnız bilik öyrədən deyil, insanı düşünməyə, araşdırmağa, sual verməyə və yeni həqiqətlər axtarmağa sövq edən böyük yol göstərəndir. Elmin və təhsilin inkişafında müəllim əməyinin rolu əvəzsizdir. Bu gün əldə olunan hər bir elmi nailiyyətin, hər bir yeni kəşfin təməlində vaxtilə verilmiş bir bilik, yaranmış bir maraq və müəllimin yetişdirdiyi bir düşüncə dayanır.



Bu əlamətdar gün münasibətilə Geologiya İnstitutunun əməkdaşı, “Geoekologiya” laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru, dosent Tarixazər Stara Əbülfəz qızının bizimlə bölüşdüyü təəssuratları sizinlə paylaşırıq.

Yəqin ki, təbiətə olan sevgim hələ uşaqlıqdan atam sayəsində formalaşıb. Atam ixtisasca həkim olsa da, təbiəti çox sevirdi və ətraf aləmə marağımı məhz o oyadıb. Biz çox səyahət edirdik və bu səfərlər məndə çox parlaq və unudulmaz təəssüratlar yaradıb.

Uşaqlıqdan təbiəti müşahidə edir, dağlara, çaylara, relyefə, bitki örtüyünə, ətraf landşaftın necə dəyişməsinə diqqət yetirirdim. O zaman, əlbəttə, bunları gələcək peşəmlə əlaqələndirmirdim. Lakin tədricən təbiəti sadəcə görmək deyil, onu anlamaq istəyi məndə formalaşdı.

Sonralar, artıq yuxarı siniflərdə, coğrafiya müəllimimin də böyük rolu oldu. O, məndəki bu marağın şüurlu şəkildə coğrafiyaya olan həvəsə çevrilməsinə kömək etdi.

Mən hesab edirəm ki, peşə seçimində müəllimin rolunu heç nə ilə müqayisə etmək olmaz. Məhz müəllim ilk növbədə şagirdə göstərə bilər ki, məktəbdə tədris olunan fənnin arxasında böyük bir elm dayanır və bilikləri sadəcə yadda saxlamaq deyil, onları araşdırmaq, yeni biliklər əldə etmək və kəşflər etmək mümkündür. Məhz bu maraqla mən Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinə (indiki Bakı Dövlət Universiteti) daxil oldum.

Ona görə də coğrafiyaya necə gəldiyimi desəm, deyərdim ki, hər şey atamın mənə aşıladığı təbiət sevgisindən başladı, müəllimimin sayəsində davam etdi və sonradan elmi marağa çevrildi. Yəqin ki, insanın peşə yolu da məhz belə formalaşır — uşaqlıq təəssüratlarından, həyatında qarşılaşdığı maraqlı insanlardan və dünyanı öyrənməyə olan daxili istəyindən.

 

 

Elmə gəlməyim və elmi fəaliyyətimdə müəllimlərimin rolu...

Məni elmə Elbrus müəllim Əlizadə cəlb edib. Onun namizədlik dissertasiyası ilə tanış olduqdan sonra təbiətin öyrənilməsinə elmi yanaşma, xüsusilə relyefin və geomorfoloji proseslərin tədqiqi məndə böyük maraq doğurdu. Mən gördüm ki, ilk baxışda adi görünən landşaftın arxasında tədqiq etmək, təhlil etmək və izah etmək mümkün olan bütöv bir qanunauyğunluqlar aləmi dayanır.

Yəqin ki, məhz o zaman məndə elmə həqiqi maraq yarandı. Elbrus müəllim namizədlik dissertasiyamın rəhbəri oldu, sonralar isə o, mənim üçün təkcə həmkar deyil, həm də çox şey öyrəndiyim insanlardan biri oldu. Əlbəttə, doktorluq dissertasiyamı uzun illər davam edən zəhmətim, əzmkarlığım və elmi axtarışa olan şəxsi istəyim sayəsində müdafiə etmişəm. Lakin bu yolu keçməyimə kömək edən daxili elmi marağın formalaşmasında Elbrus müəllimin böyük rolu olub.

Bir alim kimi formalaşmağıma bir çox tanınmış mütəxəssis təsir göstərib və mən birlikdə işləmək və öyrənmək imkanım olan insanları böyük minnətdarlıqla xatırlayıram. Onların arasında xüsusilə akademik Budaq Budaqovu, professor Naib Şirınovu və İldırım Mərdanovu qeyd etmək istərdim. Onların hər biri mənim elmi dünyagörüşümə özünəməxsus şəkildə təsir edib. Belə alimlərlə ünsiyyət mənə geomorfologiyanı, elmi tədqiqatlara yanaşmaları daha dərindən anlamağa kömək edib. Ən əsası isə onlar mənə elmə formal yanaşmamağı, bu işə böyük məsuliyyət və həvəslə yanaşmağı öyrədiblər.

Mən hesab edirəm ki, elmdə tədqiqatçının keçdiyi elmi məktəb çox mühüm əhəmiyyət daşıyır. Bu, yalnız bilik və metodlardan ibarət deyil. Eyni zamanda elmi düşüncə mədəniyyəti, təhlil etmək, şübhə ilə yanaşmaq, sübutlar axtarmaq və mürəkkəb suallardan çəkinməmək bacarığıdır. İllər ərzində apardığım elmi fəaliyyət mənə göstərdi ki, əsl alim daim özü də öyrənməli, problemi müxtəlif tərəflərdən görməyi bacarmalıdır. Ən əsası isə elm mənə öz peşəmi sevməyi öyrətdi.

Mənim üçün geomorfologiya sadəcə ixtisas deyil. Bu, Yerimizin necə inkişaf etdiyini, ətraf mühitin necə dəyişdiyini anlamaq və elmi tədqiqatların nəticələrinin insana necə fayda verə biləcəyini göstərən bir elmdir.

 

Pedaqoji fəaliyyətim elmi fəaliyyətimə böyük təsir göstərib. Mən həmişə bu iki istiqaməti bir-biri ilə sıx bağlı hesab etmişəm: elm mənə yeni biliklər və tədqiqat nəticələri qazandırırdısa, tədris fəaliyyəti həmin bilikləri daha dərindən dərk etməyə və məsələlərə yeni prizmadan yanaşmağa kömək edirdi.

Tələbələrlə işləyərkən daim elə suallarla qarşılaşırsan ki, bu suallar səni özün yeni cavablar axtarmağa, biliklərini dəqiqləşdirməyə, yeni mənbələrə müraciət etməyə sövq edir. Bəzən məhz tələbənin gözlənilməz sualı alimi yeni bir fikrə yönəldə və ya artıq tanış olan problemə başqa prizmadan baxmağa vadar edə bilər.

Bundan əlavə, pedaqoji fəaliyyət mənə çox vacib bir bacarıq qazandırdı — mürəkkəb məsələləri sadə və anlaşıqlı şəkildə izah etmək. Bu keyfiyyət elmi fəaliyyət üçün də çox vacibdir. Çünki elmi nəticə əldə etmək kifayət deyil, onu həmkarlarına, tələbələrə və bütövlükdə cəmiyyətə düzgün şəkildə çatdırmağı da bacarmalısan.

2000–2015-ci illərdə BDU-da fiziki coğrafiyadan dərs demişəm və bu dövr mənim üçün çox dəyərli olub. Gənclərlə ünsiyyət mənə daim inkişaf və irəliləyiş hissi verirdi. Mən çalışırdım ki, tələbələrə yalnız öz biliklərimi ötürməyim, eyni zamanda onlarda tədqiqat işinə maraq da oyadım.

Yəqin ki, müəllim üçün bundan böyük sevinc ola bilməz ki, onun tələbələrinin elmi yolu davam etdirərək ciddi uğurlar qazandığını görsün. Mənim pedaqoji fəaliyyətimdə xüsusilə qürur duyduğum məqamlardan biri tələbələrimdən biri — Vəliyev Elçinin doktorluq dissertasiyasını müdafiə etməsi və hazırda Azərbaycan Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutuna rəhbərlik etməsidir. Tələbələrimdən biri — Həmidova Zərnurə da namizədlik dissertasiyasını müdafiə edib və həmin İstututunda laboratoriya müdiri vəzifəsində çalışır. Onların nailiyyətlərini böyük qürur və sevinc hissi ilə qarşılayıram. Çünki müəllimin vəzifəsi yalnız bilik ötürməkdən ibarət deyil. Müəllim həm də gəncə özünə inanmağa, elmdə öz çağırışını və gələcək yolunu görməyə, tədqiqat fəaliyyətində ilk addımlarını atmağa kömək etməlidir. Tələbənin müstəqil alimə çevrildiyini görəndə anlayırsan ki, vaxtilə onunla bölüşdüyün bilik və təcrübə öz davamını tapıb. Mənim üçün elmdə nəsillərarası varislik məhz budur.

 

Mən düşünürəm ki, ilk növbədə gənclərə göstərmək lazımdır ki, coğrafiya yalnız xəritədən, ölkələrin, dağların və çayların adlarını öyrənməkdən ibarət deyil. Bu, bizim Yer planetimizi və insan həyatına birbaşa təsir edən prosesləri öyrənən elmdir.

Bu gün xüsusilə vacibdir ki, coğrafiyanın real problemlərlə əlaqəsi gənclərə göstərilsin: iqlim dəyişmələri, təbii risklər, sürüşmələr, sellər, eroziya, təbii ehtiyatlardan səmərəli istifadə, şəhərlərin inkişafı və ətraf mühitin qorunması. Gənc insan başa düşəndə ki, coğrafi tədqiqatların nəticələri təbii təhlükələri proqnozlaşdırmağa və insanların təhlükəsizliyinin təmin olunmasına kömək edir, o, bu elmə tamamilə başqa cür yanaşmağa başlayır.

Müasir texnologiyalardan istifadə də çox vacibdir — kosmik şəkillər, CİS (coğrafi informasiya sistemləri), rəqəmsal xəritələşdirmə, Yer səthinin məsafədən zondlanması və s. Gənclər müasir alətlərlə işləməyə və onların vasitəsilə əraziləri demək olar ki, real vaxt rejimində tədqiq etməyin mümkün olduğunu görməyə böyük maraq göstərirlər.

Mən deyərdim ki, gənclərdə elmə maraq yaratmağın ən yaxşı yolu onlara özlərini tədqiqatçı kimi sınamaq imkanı verməkdir: müşahidə etmək, suallar vermək, məlumatlarla işləmək, tədqiqatlar aparmaq və öz nəticələrini əldə etmək. Əlbəttə, alim və müəllimin şəxsi nümunəsi də burada böyük rol oynayır. Gənc insan coğrafiyanın maraqlı, daim inkişaf edən, səyahət etməyə, araşdırmağa, yeni kəşflər etməyə və cəmiyyətə fayda verməyə imkan yaradan bir elm olduğunu gördükdə, öz həyatını bu sahə ilə bağlamaq istəyində olur.

 

Mən müasir gənclərdə böyük elmi potensial görürəm. İlk növbədə, bu, onların maraq göstərməsi, yeni biliklər əldə etməyə can atması və müasir texnologiyaları tez mənimsəmək bacarığı ilə bağlıdır. Bu gün gənclər rəqəmsal resurslarla, coğrafi informasiya sistemləri ilə, kosmik məlumatlarla və müxtəlif informasiya platformaları ilə daha sərbəst işləyirlər. Bu isə onların elmi tədqiqatlar aparması üçün böyük imkanlar yaradır.

Mənə xüsusilə xoş gələn cəhət odur ki, gənclər qeyri-standart həll yolları axtarmaqdan çəkinmirlər. Elm üçün bu, çox vacibdir. Çünki elmi kəşf məhz sualdan başlayır: bu və ya digər hadisə nə üçün baş verir və onu başqa cür izah etmək, yaxud öyrənilməsinə yeni yanaşma tapmaq mümkündürmü? Əlbəttə, elmi potensialın özünü də inkişaf etdirmək lazımdır. Gənc tədqiqatçıya yaxşı mentorlar, müasir avadanlıq və məlumatlarla işləmək imkanı, konfranslarda, ekspedisiyalarda və beynəlxalq layihələrdə iştirak etmək üçün şərait lazımdır. Səbir və əzmkarlıq da heç də az əhəmiyyət daşımır. Çünki elmdə nəticə heç də həmişə qısa müddətdə əldə olunmur.

Bununla yanaşı, qeyd etmək istərdim ki, gənclər peşə seçərkən təbii olaraq gələcəkləri barədə də düşünürlər — layiqli həyat qurmaq, ailə yaratmaq və peşəkar inkişaf imkanları haqqında. Elmi fəaliyyət uzun illər təhsil, davamlı əmək və böyük məsuliyyət tələb edir, lakin bu əməyin maddi qarşılığı heç də həmişə çəkilən zəhmətə uyğun olmur. Buna görə də istedadlı gənclərin bir qismi ilkin mərhələdə daha yüksək maliyyə imkanları təqdim edən digər sahələrə üstünlük verir.

Məncə, burada ən vacib məsələlərdən biri gənclər üçün elə şərait yaratmaqdır ki, onlar elm yolunu seçərkən öz arzuları ilə layiqli həyat arasında seçim etmək məcburiyyətində qalmasınlar. Onlar həm sevdikləri işlə məşğul ola bilməli, həm də əməyinin layiqli qiymətləndirildiyini hiss etməlidirlər.

 

Hesab edirəm ki, müəllim şagirdə göstərməlidir ki, elm əzbərlənməli olan hazır faktlar toplusu deyil. Elm maraqdan, sualdan və həmin suala cavab tapmaq istəyindən başlayır. Müəllim şagirdi maraqlandıra bilirsə, ona əldə olunan biliklərin real həyatla əlaqəsini göstərirsə, özü müşahidə aparmaq, təhlil etmək və nəticə çıxarmaq imkanı verirsə, uşaqda tədqiqata maraq yaranır. Müəllimin şəxsi nümunəsi də çox vacibdir. Əgər müəllim öz peşəsinə həvəslə yanaşır, daim öz üzərində işləyir, elmi tədqiqatlarla məşğul olur və gördüyü iş haqqında maraqla danışırsa, bu münasibət mütləq şagirdlərə də ötürülür.

Mən özüm belə təsirin əhəmiyyətini çox yaxşı başa düşürəm. Buna görə hesab edirəm ki, müəllimin vəzifəsi yalnız bilik vermək deyil, insanın bütün həyatı boyu davam edə biləcək bir maraq qığılcımı yaratmaqdır. Bəlkə də bu gün şagird sadəcə müəllimin danışdığı hansısa mövzu ilə maraqlanır, lakin bir neçə ildən sonra həmin maraq onu laboratoriyaya, universitetə və ya elmi-tədqiqat institutuna gətirib çıxara bilər.

Hesab edirəm ki, müəllim müəyyən mənada yalnız öz şagirdinin deyil, bütövlükdə elmin gələcəyinin formalaşmasında iştirak edir.

 

Mənim gənclərə əsas arzum budur ki, elm yolunu seçməkdən qorxmasınlar. Elmi yol heç də həmişə asan olmur: böyük zəhmət, səbir, əzmkarlıq və daim öz üzərində işləməyi tələb edir. Lakin məhz elmdə yeni kəşflər etmək, səndən əvvəl heç kimin izah edə bilmədiyi hadisələri anlamaq üçün xüsusi imkan var.

Gənclərə arzulayıram ki, öz fikirlərini söyləməkdən, yeni yollar axtarmaqdan, özlərinə inanmaqdan və çətinliklərdən qorxmasınlar. Bəzən elmi əməyin nəticəsi yalnız illər sonra görünür. Amma gördüyün iş insanlara fayda verirsə və ətrafımızdakı dünyanı daha yaxşı anlamağa kömək edirsə, deməli, bu yolda atılan addımlar heç də əbəs deyil.

Arzu edirəm ki, gənc nəsil bir gün öz tələbələri üçün vaxtilə onların müəllimlərinin onlar üçün olduğu kimi, eyni dərəcədə ilhamverici və dəyərli elm adamları və mentorlar olsunlar.