Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GÖRKƏMLİ GEOFİZİK ALİM PƏRVİZ MƏMMƏDOV VƏFAT EDİB
Pərviz Məmmədov 1937-ci il yanvarın 12-də Bakı şəhərində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) mühəndis-geofizik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
P.Məmmədov 1967-ci ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1992-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini, 1993-cü ildə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.
P.Məmmədov əmək fəaliyyətinə 1959-cu ildə Azərbaycan Neftçıxarma üzrə Elmi tədqiqat İnstitutunda texnik-operator vəzifəsindən başlayaraq 1965-ci ilə qədər ardıcıl olaraq böyük radiotexnik, mühəndis-geofizik, böyük mühəndis vəzifələrində işləmişdir. P.Məmmədov 1958-1966-cı illərdə keçmiş Ümumittifaq Elmi-Tədqiqat Geofizika İnstitutunun Azərbaycan filialında böyük mühəndis, elmi işci vəzifələrində işləmişdir. O, 1968-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasının Geofiziki kəşfiyyat üsulları kafedrasında assistent, dosent, professor, kafedra müdiri, elmi işlər üzrə prorektor və rektor vəzifələrində işləmişdir. O, 2017-ci ildən AMEA Geologiya və Geofizika İnstitutunda əvəzçilik üzrə “Seysmostratiqrafiya” şöbəsinin rəhbəri vəzifəsində fəaliyyət göstərmişdir.
P.Məmmədov beynəlxalq aləmdə tanınmış geofizik alimdir. O, geofizikada ilk dəfə seysmik dalğaların spektral analizinin geoloji effektliyini tədqiq etmiş, keçmiş SSRİ-də dalğaların dinamik xassələrinin geofiziki interpretasiyada səmərəsini əsaslandıran ilk tədqiqatçılardandır. 1980-1990-cı illərdə neftli-qazlı çöküntüləri aşkarlamaq imkanı verən «Seysmostratiqrafiya» üsulunun inkişafında və Cənubi Xəzər dibinin və çöküntü qatının öyrənilməsində onun elmi nailiyyətləri istər keçmiş SSRİ məkanında, istərsə də ABŞ və Avropa geofizikləri tərəfindən yüksək qiymətləndirilmişdir. O, Cənubi Xəzər meqaçökəkliyinin iyerarxiyasını öyrənmiş, dənizdə bir neçə qeyri-antiklinal tipli neft-qaz yatağı aşkarlamış və istehsalata tövsiyə etmiş, bir sıra xarici şirkətlərin sifarişilə elmi tədqiqatlar aparmışdır. Beynəlxalq elmi layihələr üzrə (INTAS, CRDF, MEBE-Orta Şərq hövzələrinin təkamülü və DARIUS) elmi tədqiqatların rəhbəri və icraçısı olmuşdur.
P.Məmmədov elmi-pedaqoji fəaliyyətlə yanaşı, elmi-təşkilati və ictimai işlərlə də fəal məşğul olmuş, bir sıra elmi jurnalın redaksiya heyətlərinin üzvü olmuşdur. Amerika-Azərbaycan Elmin İnkişafı Fondunun (CRDF), ARDNŞ-nin Elm Fondunun eksperti, AMEA Yer Elmləri Bölməsinin akademik-katibinin müavini, AMEA-nın Geologiya və Geofizika İnstitutu nəzdindəki dissertasiya şurasının sədr müavini, ADNA-da Magistr İxtisaslaşmış Şurasının sədri olmuşdur.
P.Məmmədov Beynəlxalq Geofizika Cəmiyyətinin (SEG), Amerika Neftçi-Geoloqlar Assosiasiyasının (AAPG) və Avropa Geoelmləri Mühəndisləri Assosiasiyasının (EAGE) üzvü, həmçinin Beynəlxalq Mühəndislər Akademiyasının (Rusiya) müxbir üzvü olmuşdur.
P.Məmmədov 240-dan artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 3 elmlər doktoru və 10 fəlsəfə doktoru hazırlanmışdır.
P.Məmmədov səmərəli elmi-pedaqoji fəaliyyətinə görə AR Elm və Təhsil Nazirliyinin və AMEA Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur. 2005-ci ildə Avrasiya Geofiziklər Assosiasiyasının qərarı ilə geofizika elminin inkişafında nailiyyətlərinə görə onun adı “Rusiyanın görkəmli geofizikləri” ensiklopediyasına salınmışdır. 2010-cu ildə “Görkəmli geofizik S.Q.Komarov” adına medalla təltif olunmuş ilk azərbaycanlı alimdir.
Allah rəhmət eləsin!