Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də AKADEMİK FAİQ BAGIRZADƏNİN 100 İLLİYİNƏ HƏSR EDİLMİŞ YUBİLEY TƏDBİRİ KEÇİRİLİB
ETN-in Geologiya İnstitutunda akademik Faiq Bagırzadənin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti İbrahim Quliyev, UFAZ-ın direktoru Vazeh Əsgərov, BDU-nun prorektoru Hüseyn Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi iştirak ediblər.
Toplantını giriş sözü ilə açan Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə qonaqları və tədbir iştirakçılarını salamlayıb, akademik Faiq Bagırzadəni alim, nəcib insan, qayğıkeş pedaqoq, istedadlı təşkilatçı kimi xarakterizə edən nitq söyləyib. A.Əlizadə bildirib ki, F.Bağırzadə əmək fəaliyyətinə 1949-cu ildə «Qobustanneftkəşfiyyat» trestində başlayıb və elə həmin il Azərbaycan Sənaye İnstitutunun Neft və qaz yataqlarının geologiyası kafedrası nəzdində aspiranturaya daxil olub. Onun sonrakı fəaliyyəti də şərəfli alim, təşkilatçı və əsl ziyalı kimi xarakterizə olunur. O cümlədən 1970-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) rektor təyin edilib. F.Bağrzadənin iştirakı ilə bu universitetin tədris-material bazası xeyli genişlənib, yeni kafedralar, tətbiqi riyaziyyat fakültəsi açılıb, institutlararası elmi-tədqiqat hesablama mərkəzi təşkil olunub. O, neft geologiyası və Cənubi Xəzərin neft-qaz yataqlarının geokimyası sahələrində görkəmli alim idi. Xəzər akvatoriyasının bir sıra sahələrinin neft-qaz yataqlarının («Günəşli» strukturu) perspektivliyini öyrənmişdi. Elmi kadrların hazırlanması işində böyük xidmətləri olmuş F.Bağırzadə 100-dən çox elmi əsər, o cümlədən 12 monografiya, geologiyanın və geokimyanın müxtəlif problemləri üzrə çoxsaylı dərslik və tədris vəsaiti nəşr etdirib.
Sonra yubiley tədbirinin qonaqlarından akademik Vasif Babazadə, AMEA-nın müxbir üzvü Misir Mərdanov, geologiya-mineralogiya elmləri doktoru, professor Vaqif Kərimov (onlayn video əlaqə), geologiya-mineralogiya elmləri doktoru, professor Tofiq Əhmədov yubilyar haqqında xoş xatirə və təəssüratlarını bölüşüblər. Diqqətə çatdırılıb ki, F.Bağırzadə ADU-ya (indiki BDU) 17 il 6 ay müddətində qənirsiz rəhbərlik edib. Demokratik təbiəti, müəllim və tələbə heyətinə həlim münasibəti ilə diqqət çəkib. Onun rektor fəaliyyəti dövründə universitetdə “doktor” elmi dərəcəsi alanların sayı 60-dan 145-ə qalxıb.
Çıxışçılar F.Bağirzadə ilə bağlı bir çox maraqlı hadisə və faktları səsləndiriblər, onun xarici ölkələrdə Azərbaycanı ləyaqətlə təmsil etdiyindən danışıblar. Həmçinin Azərbaycan dövləti tərəfindən onun bir sıra təltiflərini xatırladıblar.
Tədbirin sonunda görkəmli alim və ziyalı Faiq Bağırzadənin oğlu fizika-riyaziyyat elmləri doktoru Elxan Bağırzadə atası ilə bağlı bir sıra maraqlı xatirələrini dilə gətirib. Eləcə də Geologiya İnstitutu kollektivinin mərhumun xatirəsini layiqincə yad etdiyi üçün minnətdarlığını ifadə edib. Sonda yubilyarın ictimai fəaliyyətini, elmi çalışmalarını və ezamiyyətlərini əks etdirən foto-şəkillərdən ibarət süjet nümayiş olunub. Tədbir iştirakçıları həmçinin alimin elmi fəaliyyətini əks etdirən çap məhsullarından ibarət stentlə də tanış olmaq imkanı qazanıblar.