Ana Səhifə / Haqqımızda / Atlaslar və xəritələr

Atlaslar və xəritələr

Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası.

Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası.

Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təqdim etdiyi müəllif orijinalları əsasında hazırlanmışdır (2024)

Maraqlanan oxucu diqqətinə təqdim edilən atlas Azərbaycan Respublikası Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təbiət müxtəlifliyinə dair vahid məlumat massivi şəklində bir sıra tematik xəritə və sxemlər toplusu və izahedici mətn əlavələrindən ibarət universal nəşrdir. İqtisadi rayonlar ölkənin təbii ehtiyatlarla ən zəngin bölgələrindən biri olan, Kiçik Qafqazın cənub-şərq hissəsini və ona bitişik Kür-Araz ovalığının Tərtər çayından cənubdakı maili düzənliklərini əhatə edən Qarabağ tarixi-coğrafi bölgəsinə (Qarabağ TCB) aid edilir.


Atlas Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutları (2022-ci ilin ortalarından Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindədirlər), eləcə də ölkənin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim edilmiş orijinal məlumatlardan istifadə edilməklə tərtib edilmişdir. Atlasa yeni tərtib edilmiş bir sıra müfəssəl tematik xəritələr salınmışdır – oroqrafik, çay şəbəkəsi, nadir təbiət abidələri, tektonik rayonlaşdırma, təsdiq edilmiş ehtiyatları olan bərk faydalı qazıntı yataqları, şirin və mineral yeraltı su yataqları, metal və qeyri-metal faydalı qazıntıların minerageniyası, bərpa olan enerji mənbələri, ekoturizm potensialı, unikal meşə massivləri, meşəciklər və ağaclar, kənd təsərrüfatı təyinatlı torpaqlar, torpaqların antropogen deqradasiyası və ona qarşı mübarizə tədbirləri və s.


Atlasda yer alan qrafik materialların qalan hissəsi real topoqrafik əsasa bağlanmaqla yenidən işlənmiş və korrektə edilmişdir. Eyni zamanda, ümumcoğrafi xəritələrin informasiya yükü Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının maliyyə və təşkilatı dəstəyi ilə (2014-2016-cı illər) Azərbaycan Milli Elmlər Akademiyası (2022-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) Geologiya və Geofizika İnstitutu “Dinamiki geologiya” şöbəsi əməkdaşlarının həyata keçirdiyi qrant layihəsi çərçivəsində əvvəlcədən işlənib tamamlanmış və xeyli zənginləşdirilmişdir. Layihə çərçivəsində regionun işğal olunmuş rayonlarından qaçqın düşmüş əhalinin yaşadığı düşərgələrdə və məskunlaşdığı digər yerlərdə sorğu aparılmış, həmçinin mövzu üzrə yazılı mənbələrin təhlili həyata keçirilmişdir. Bütün bunlar ümumiləşdirmə normativləri nəzərə alınaraq oykonimlər (yaşayış məntəqələrinin adları), oronimlər (müsbət relyef formalarının – zirvə, silsilə və təpələrin adları), hidronimlər (su obyektlərinin – çay, göl, bataqlıq və bataqlıqlaşmaların adları) və mikrotoponimlər (ayrıq, mərz, otlaq və bulaqların adları) daxil olmaqla xəritələrin optimal toponimik yükünü təmin etməyə imkan vermişdir.


Atlas Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təbii müxtəlifliyi haqqında həqiqi məlumata ehtiyacı olan icra hakimiyyəti orqanları, bələdiyyə strukturları, orta və ali təhsil müəssisələrinin tələbələri, habelə maraqlanan beynəlxalq təşkilatlar və digər strukturlar üçün etibarlı vəsait olacaqdır. Atlasda təqdim olunan məlumatlar əvvəllər işğal olunmuş ərazilərin bərpası, habelə regionun orta və uzunmüddətli sosial-iqtisadi inkişafı proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi, ətraf mühitin mühafizəsi, təbii fövqəladə halların idarə edilməsi, faydalı qazıntıların axtarışı və kəşfiyyatı, turizm biznesinin inkişafı, istirahət zonaları və balneoloji mərkəzlərin yaradılması və digər sahələrdə istifadə oluna bilər.



Baş redaktor
: akademik Ak.A.Əlizadə


Elmi rəhbər və redaktor:
AMEA-nın müxbir üzvü T.N.Kəngərli


Redaksiya heyəti:
D.A.Hüseynov, R.M.Məmmədov, Z.N.Eminov, V.M.Baba-zadə, V.M.Əlizadə, S.C.İbadullayeva, Ə.G.Quliyev, Ə.Q.Eyvazov, Q.C.Yetirmişli, Ə.M.Əliyev


Tərtibatçı təşkilatlar:

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu (aparıcı təşkilat)

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutu

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutu

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutu

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

Azərbaycanın dördüncü dövr (kvarter) sisteminin paleontoloji atlası

Azərbaycanın dördüncü dövr (kvarter) sisteminin paleontoloji atlası

(Elmi redaktor: akademik Ak.A. Əlizadə) Bakı, Nafta-press, 2017, 384 səh.

Dördüncü dövr Yerin geoloji tarixinin sonuncu dövrüdür. Bu nisbətən qısa zaman ilə Yerin müasir siması və təbiətinin formalaşması, insanın meydana gəlməsi və inkişafı bağlıdır. Nəhayət IV dövr çöküntülərində bir sıra faydalı qazıntı yataqları yerləşir. Buna görə də IV dövr qədim geoloji dövrlər ilə müqayisədə çox qısa olsa da o müstəqil bir dövr kimi ayrılır.


Kaynazoy stratiqrafiyasının öyrənilməsində Dördüncü dövr sisteminin Ümumi stratiqrafik şkalasının dəqiq işlənib hazırlanması fundamental problemlərdən biri hesab olunur.


Azərbaycan antropogenin inkişaf etdiyi klassik regiondur. Onun ərazisinin böyük hissəsi antropogen çöküntülərinin dəniz və kontinental fasiyaları ilə ortülmüşdür. Azərbaycanda antropogen çöküntüləri çoxdan çoxdan öyrənilsə də onun stratiqrafiyasının və faunasının bir sıra məsələləri hələ dəqiqləşdirilməmiş qalır.


Bunlardan IV dövrün alt sərhəddi və onun Azərbaycanda vəziyyəti çox mübahisəlidir. Burada abşeron mərtəbəsinin IV dövrə daxil edilməsi və indi isə üst akçaqəla analoqu – gelazi mərtəbəsinin də antropogenə aid edilməsi (JUGS bulletin №41, July, 2009) məsələni bir qədər də mürəkkəbləşdirir.


Azərbaycanda abşeron və bakı mərtəbəsinin stratotipləri yerləşmiş və IV dovr astratiqrafiyasının və faunasının inkişafının bir sıra məsələlərini aydınlaşdırmaq üçün onun IV dövr kəsilişləri xarici alimlərin və ölkə mütəxəssislərinin diqqətini daima cəlb etməkdədir. Buna görə ölkəmizin bu yüksəliş dövründə Azərbaycanın IV dövr stratiqrafiyası və faunasına dair əsas məlumatları özündə cəmləşdirən və mübahisəli məsələlərin aydınlaşdırılmasına xidmət edən bir fundamental tədqiqatın aparılması günün aktual məsələsidir.


Bundan əlavə bir sıra tədqiqatlar nəticəsində aşkar edilmiş IV dövr faunası, mikrofaunası və florası barədə məlumatların tənqidi reviziyası. Onların Atlasının tərtibi çox vacib məsələlərindən biridir.


Əsas məsələlərdən biri də hövzənin dəyişkən ekoloji şəraitini, paleocoğrafiyasını araşdırmaq və onun faunasının mənşəini və təkamülünü izləməkdir. 

Azərbaycanın filiz yataqlarının atlası

Azərbaycanın filiz yataqlarının atlası

(rus dilində)

Əlavə məlumat üçün institutun rəhbərliyi ilə əlaqə saxlamağınız xahiş olunur

Azərbaycan mezozoy və kaynozoy çökmə süxurlarının kollektor xüsusiyyətləri Atlası. Hissə 1. Məhsuldar qat

Azərbaycan mezozoy və kaynozoy çökmə süxurlarının kollektor xüsusiyyətləri Atlası. Hissə 1. Məhsuldar qat

2005 (ingilis dilində)

Əlavə məlumat üçün institutun rəhbərliyi ilə əlaqə saxlamağınız xahiş olunur